Dövlət-biznes tərəfdaşlığı formatında perspektiv investisiya istiqamətlərinin müzakirəsi
Dövlət-biznes tərəfdaşlığı formatında perspektiv investisiya istiqamətlərinin müzakirəsi, bu səpkidən olan layihələrin “Tik-idarə et-təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün təkliflərin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri barədə yerli icra hakimiyyəti orqanlarının məlumatlandırılması məqsədilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST Layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov 2022-ci il 22 - 23 iyun tarixlərində Tovuz, Ağstafa və Qazax rayonlarında işgüzar səfərdə olmuşlar.
Səfər müddətində DÖST İnkişafı Mərkəzinin nümayəndə heyəti Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla işgüzar görüşlər keçirmişlər.
Görüşlər çərçivəsində DÖST İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə ətraflı məlumat verilmiş, habelə iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri kimi DÖST mexanizmlərinin tətbiqinin genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi öz səlahiyyətləri çərçivəsində qlobal trendlərə cavab verən DÖST layihələrini həyata keçirmək üçün maarifləndirmə işləri aparır, təlim və seminarlar keçirir, bu sahədə qurumlararası şəbəkə platforması formalaşdırır, kommunikasiya və təcrübə mübadiləsini təmin edir.
Eyni zamanda, görüş zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət-biznes tərəfdaşlığı formatında investisiya tələb olunan sahələr müzakirə edilmiş və prioritet layihələr də təqdim edilmişdir, o cümlədən: ı) tullantıların idarəolunması və utilizasiyası; ıı) soyuducu komplekslərinin inşa olunması; ııı) ali təhsil müəssisələri üçün yataqxana binalarının inşa olunması; ıv) kənd təsərrüfatı məhsullarının emalı və konservləşdirilməsi ilə əlaqədar layihələr; v) regional logistika mərkəzlərinin inşası və idarəedilməsi; vı) qış–yay turizm komplekslərinin inşası və idarəedilməsi; vıı) bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı məqsədilə stansiyaların tikintisi ; vııı) su artezian quyularının qazılması, torpaqların faydalı istifadəsi üçün əkin sahələrinin suvarma suyu ilə təmin olunması və kollektor-drenaj sisteminin qurulması.

